Narın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Sərfəli rabitə xidmətləri təqdim edən Nar, eyni zamanda sosial layihələrə verdiyi davamlı dəstəklə cəmiyyətə töhfə verməyə davam edir. Belə ki, “Karlara Dəstək” İctimai Birliyi ilə birgə həyata keçirilən “Təlim Məktəbi” layihəsinin 2024-2025-ci il mövsümünün yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda nitq və eşitmə məhdudiyyətli gənclərə modelyer-dizayner peşəsi üzrə təlimləri uğurla başa vurduqlarına dair sertifikatlar təqdim edilib.
Tədbirdə dövlət qurumları və özəl sektor, həmçinin ictimai təşkilatların nümayəndələri iştirak edib. Konfransda təlim iştirakçılarının əl işləri nümayiş olunub və xüsusilə işəgötürənlər tərəfindən böyük maraqla qarşılanıb. Bu, gənclərə bacarıqlarını tanıtmaq və əmək bazarına çıxış üçün ilk fürsətlərini yaratmaq imkanı verib. Artıq bəzi iştirakçılar layihənin dəstəyi ilə ixtisaslarına uyğun işlə təmin olunub. “Nar” isə digər məzunların da işlə təmin olunması üçün işəgötürənlərlə əməkdaşlığı davam etdirir. Bu yanaşma layihənin real nəticələr verdiyini və davamlı sosial təsirə malik olduğunu göstərir.
Narın İctimaiyyətlə əlaqələr və korporatv ünsiyyət departamentinin rəhbəri Hökümə Kərimova tədbir zamanı bildirib: “Təlim Məktəbi” vasitəsilə biz bu gənclərə yalnız peşə öyrətmir, eyni zamanda onların özlərinə inamını bərpa etməyə, cəmiyyət üçün faydalı fərdlərə çevrilmələrinə də dəstək oluruq. Bu layihə bizim üçün sadəcə sosial məsuliyyət deyil, həm də sosial dəyişimin bir hissəsidir”.