“Nar” KSM strategiyası çərçivəsində “Rabitə” idman klubunu dəstəkləməyə davam edir
“Nar”-ın dəstəyi ilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar “Rabitə” idman klubunda mütəmadi olaraq təşkil edilən boks təlimlərində iştirak edirlər. Gənc boksçulara “Rabitə” klubunun dünya və Avropa çempionu olmuş peşəkar boksçular təlim keçirlər. Təlimlərin keçirilməsində əsas məqsəd kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtının səmərəli təşkil edilməsi və idmana olan marağın artırılmasıdır. Layihə çərçivəsində təlimlərdə iştirak edən uşaqların bir çoxu məktəblilər arasında keçirilən müxtəlif boks turnirlərində qızıl medallara sahib olublar.
Artıq ikinci ildir ki, “Rabitə” idman klubunun baş sponsoru olan “Nar” bu il də gənc boksçuları ən yeni idman ləvazimatları ilə təmin edib. “Nar”-ın gənc boksçulara dəstəyini yüksək qiymətləndirən “Rabitə” idman klubunun prezidenti Fərhad Acalov gənc boksçuların gələcəkdə böyük uğurlar əldə edəcəklərindən əmin olduğunu qeyd edib.
Xatırladaq ki, məşqlərdə iştirak edən uşaqlar üçün peşəkar idmançıya lazım olan hər cür idman ləvazimatı və nəqliyyat “Nar” tərəfindən təşkil edilir. Bu sosial layihə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində “Nar”-ın sponsorluğu ilə həyata keçirilir. “Rabitə” idman klubu 30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirir.
“Nar”-ın korporativ sosial məsuliyyət strategiyası haqqında ətraflı məlumatı nar.az saytından öyrənmək olar.