banner

“Nar” və TƏBİB tərəfindən təşkil olunmuş “Günün Qəhrəmanları” müsabiqəsinin qalibləri açıqlanıb

“Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə baş tutan “Günün Qəhrəmanları” yazı müsabiqəsi başa çatıb. Müxtəlif sahələrdə çalışan və pandemiya dövründə öz qəhrəmanlıqları ilə fərqlənən insanlar haqqında yazıları bir araya gətirən müsabiqə cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Həm jurnalistlərin, həm də sosial media istifadəçilərinin qatıldığı müsabiqəyə 100-ə yaxın müraciət daxil olub. Bu müraciətlər içərisindən müsabiqənin şərtlərinə cavab verən 78 yazı münsiflər heyətinə təqdim edilib. 

Müəlliflər yazılarının baş qəhrəmanları olaraq pandemiya dövründə ön cəbhədə vuruşan həkimləri, tibb işçilərini, əczaçıları, tibbi avadanlıq mühəndislərini, istənilən şəraitdə şagirdlərinə bilik verməyə hazır olan müəllimləri, ictimai təhlükəsizliyə cavabdeh olan polisləri, vətəndaşların sorağına çatan sosial işçiləri, könüllü gəncləri, ictimaiyyəti məlumatlandırmaq üçün riskli bölgələrdən reportaj hazırlayan jurnalist-fotoqrafları seçiblər.

“Müsabiqədə iştirak üçün göndərilən hər bir yazı bizim üçün xüsusi dəyər daşıyır. Fərqli qəhrəmanların real hekayələri bu dövrdə çalışan insanların işlərinin necə çətin və məsuliyyətli olduğunu, eyni zamanda, bir o qədər də şərəfli və nümunəvi olduğunu göstərdi. “Nar” olaraq günün qəhrəmanlarının ictimaiyyətdə tanıdılmasına öz töhfəmizi verə bildiyimiz üçün çox şadıq”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib. 

“Bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirusla mübarizə tədbirləri çərçivəsində sosial layihələrin də baş tutması və insanların bu layihələrə marağı olduqca təqdirəlayiqdir. Bu mübarizədə TƏBİB, eləcə də qəhrəman həkimlərimizlə yanaşı, həm də gecə-gündüz yorulmadan çalışan polislər, nəqliyyatçılar, əczaçılar, satıcılar, jurnalistlər, müəllimlər və digər peşə sahibləri də günümüzün qəhrəmanlarına çevrildilər. Bu günlərdə xalqımızın hər bir nümayəndəsi milli birlik nümayiş etdirərək bir-birinə istənilən məsələdə yardım edərək əsl vətənpərvərlik nümunəsi göstərdilər. Ayrı-ayrılıqda hər birimizin koronavirusdan sağalması kifayət deyil, bütün qaydalara riayət edərək bütövlükdə Azərbaycanımızın sağalmasına nail olmalıyıq!”, - deyə TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib. 

Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən daşıdığı sosial mesaja və məzmunun keyfiyyətinə əsasən qiymətləndirilib. Belə ki, ümumi nəticələrə əsasən, 1-ci yerin qalibi “Ağ libaslı mələk” (müəllif: Vüsal Tağıbəyli) hekayəsi, 2-ci və 3-cü yerləri tutan yazılar isə müvafiq olaraq, “Aprel döyüşünün müzəffər əsgəri COVİD-lə mübarizə aparır” (müəllif: Aida Eyvazova) və “Atəş altında həm erməni, həm koronavirusla mübarizə aparırdıq” (müəllif: Könül İbrahim) olub. Həvəsləndirici yerlərdə isə “Göz həkiminin gözləri pandemiyanı necə görür?” (müəllif: Sevinc Eminzadə),  “Şagirdləri uğrunda pandemiya ilə döyüşən xanım müəllimin portreti” (müəllif: Elmin Nuri), Bütün bunlar sadəcə bir anlıq idi (müəllif: Əziz Elxanoğlu) və sosial media istifadəçisi Ülviyyə Quliyevanın “Karantində sosial təşəbbüs göstərən usta” yazıları yer alıb.

(Hekayə həkim-terapevt Məlahət İsayevaya (Hümmətqızı) həsr olunur)

Ölkədə koronavirus təzəcə yayılmağa başlasa da, işlədiyim 11 saylı şəhər poliklinikasında TƏBİB tərəfindən ayrıca filtr kabineti təşkil olunmuşdu. Yoluxma ehtimalı olan pasiyentlər orada müayinə olunur, test üçün burun və udlaq yolundan yaxmalar götürülür, sonra da xüsusi şüşə qablarda təcili yardım maşını ilə taun mərkəzinə göndərilirdi. Mən də xüsusi skafandr geyimdə, ağzımda maska, gözlərimdə qoruyucu eynək, - lap kosmanavta oxşayırdım, - həmin  filtr otağında xəstələri qəbul edirdim.

Poliklinikamıza güclü axın başlamışdı. Azacıq özündən şübhələnən hər kəs müayinəyə gəlirdi. Bir səhər poliklinikaya bir-birinə mehriban hisslərlə bağlı orta yaşlı cütlük gəldi. Kişinin adı İlham, xanımınkı isə Zülfiyyə idi. Hər ikisinin yüksək hərarəti vardı, üstəlik bəlğəmli öskürək... Burun və boğazlarından yaxma götürüb analizə göndərdim, özlərini də rentgen müayinəsindən keçirdim. Hər ikisində pnevmaniya aşkarlandı, müalicə yazıb evə yola saldım. Bir gün sonra cavablar gəldi: həm İlhamda, həm də Zülfiyyədə  koronavirus aşkarlanmışdı. Təcili yardımın köməyi ilə onları Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirdik.

Aprel ayının əvvəlləri idi. TƏBİB-in çağırışına səs verib, könüllü olaraq Tədris Cərrahiyyə Klinikasında - 11-ci mərtəbədə işə başladım.

                      * * *

İlk iş günüm idi. Palataya keçib xəstələrlə salamlaşdım.

- Məlahət doktor...

Adımı eşidib, səsə sarı çevrildim. Allahın işinə bax: bir həftə əvvəl müayinə etdiyim Zülfiyyə idi. Üzümdə maska-eynək olsa da, səsimdən tanımışdı. İlham da yandakı çarpayıda uzanmışdı.

Onları görcək mən də sevindim. Axı həyat yolunda birlikdə addımlayan bü cütlüyü mən müalicə edəcəkdim. Şükür Allaha, müalicə uğurlu nəticələndi, əvvəl Zülfiyyə, sonra isə İlham koronavirusdan sağaldı.

Heç yadımdan çıxmaz, Zülfiyyəni evə yazsaq da, getmədi, dedi İlhamsız xəstəxanadan bir addım da atmayacaq. Elə də etdi, bir an belə İlhamdan aralanmadı, gecə-gündüz yastığının dibini kəsdirib oturdu. O da sağalandan sonra birlikdə evə qayıtdılar.

Yeni yaşam tərzinə tez alışmışdım. Hər gün xüsusi uniforma, üstündən də hava keçirməyən ağ rəngli skafandr forma geyinirdim, üzümdə maska, plastmas eynək, əlimdə əlcək, ayaqqabımın üstündən, həm də başıma baxil keçirirdim və beləcə, həyatla ölüm arasında can çəkişən insanların yanından ayrılmırdım. Hər dəfə xəstələrin solğun çöhrəsinə, kədərli gözlərinə baxıb, titrək səslərini eşitdikcə içimdə ağlayırdım, amma sarsıldığımı onlara hiss etdirmirdim, əksinə, hər birini ümidləndirirdim. Bəzən isə təəssüf ki, yaşaması üçün tibb elminin hələlik acizlik göstərdiyi xəstələrə “yaşayacaqsan”, “lap əlasan” deyib, təsəlli verməkdən başqa əlacım qalmırdı.  

Klinikamıza koronavirusa yoluxmuş bir xəstə gətirmişdilər, vəziyyəti çox ağır idi. Bir tərəfdən təzyiq, şəkər, digər tərəfdən virus onu haldan salmışdı. Gecə-gündüz başının üstündə keşik çəkirdik. Təzyiqini salanda şəkəri qalxırdı, şəkərini salanda təzyiqi. Əlimizdən gələni edirdik, amma o, irəli əvəzinə geri gedirdi...

Səhhəti çox ağırlaşdığı üçün başqa klinikaya köçürülməsinə qərar verildi. Yola salarkən ağladı:  

- Ölməyə gedirəm, - deyib çarəsiz halda üzümə baxdı.

- Elə deməyin, Nurəddin müəllim, inşallah sağalıb ailənizə dönəcəksiniz, - dilləndim.

İnanmadı. Deyəsən ürəyinə dammışdı, bilirdi getdiyi yoldan dönüş yoxdu, hıçqırıb ağladı. Üç gün sonra ölüm xəbərini eşitdik...

İşlədiyim 11-ci mərtəbədə yüngül və orta dərəcəli xəstələr müalicə olunurdu. Vəziyyəti ağır olanlar isə 3-cü mərtəbədəki reanimasiya şöbəsində yerləşdirilmişdilər. Bura ətraf mühitdən təcrid olunmuşdu. Şöbənin elə ağır xofu vardı ki, sanki həyatla ölüm arasındakı boşluq idi. Sıralanmış çarpayılarda uzanan xəstələrin hamısı oksigen aparatına qoşulmuşdu. Baxmaq olmurdu, adamın ürəyi parçalanırdı.

Rəhmətə gedən xəstəyə ölüm epikrizi yazacaqdım. Ona görə də liftə minib 3-cü mərtəbəyə endim. Liftin qapısı açılanda qəfil gözlərim dəhlizdəki stolun üstündə üzübağlı uzadılmış meyitə dikildi. Həyəcandan bədənim əsdi. Bir yandan hava keçirməyəm skafandr, bir tərəfdən də alnımdan eynəyimin içinə axan tər məni elə darıxdırdı ki, gözlərim bərəldi.

Reanimasiya otağından çıxan həkim məni bu vəziyyətdə görüb:

- Otağa keçin, epikriz yazmalısınız, - dedi.

- İşiniz çox ağırdır. Hər gün yaşaması üçün əmək sərf etdiyiniz neçə insanın öldüyünü görürsünüz, buna tab gətirmək çətindir, - güclə eşidiləcək səslə dilləndim.

- Öyrənmişik, bəzən elə olur ki, tibb elmi ölümü dayandıra bilmir. Allah rəhmət eləsin, - həkim sakitcə başını yellədi.

Epikrizi yazıb otaqdan çıxdım, yorğunluqdan ayaqlarımı sürüyə-sürüyə liftə yaxınlaşdım.

Meyit hələ də oradaydı. Gözlərim anidən ona zilləndi. Üzü gözlərimdən getmirdi – əvvəl bizim palatada yatırdı.

Lift 11-ci mərtəbəyə nə vaxt çatdı bilmirəm, onda gördüm ki, qapılar açıldı. Fikir-xəyal içində dəhlizə çıxdım. Sürətlə yayılan xəstəliyin zəhmi elə ağır idi ki... İmmuniteti güclü olanlar sağalır, zəif və yanaşı xəstəlikləri olanlar isə  tab gətirməyib həyatla vidalaşırdı. Dözmədim, qeyri-iradi hönkürdüm. 

Bir yandan da həkim yoldaşlarımın, bir dəqiqə belə nəfəs dərməyən tibb bacılarının əziyyətinə yanırdım. Gecə-gündüz yanlarındaydıq, tək dərman vermirdik, ruhdan düşməsinlər deyə, həm də mənəvi dəstək olurduq. Amma bəzən çəkilən zəhmət fayda vermirdi, həyata qaytarmaq istədiyimiz insanları üzübağlı şəkildə son mənzilinə yola salırdıq...

İyunun son günü idi. Həkimdən gecə növbəsini təhvil alıb, sakitcə palataları gəzməyə başladım. Xəstələrin çoxu yatmışdı. Səhərədək iki-üç dəfə palatalara girib ağır xəstələrə baş çəkdim.

Gecə saat üç olardı. Palatadakı ən yaşlı xəstənin – onun 85 yaşı vardı - çarpayısına yaxınlaşdım. O yaşda xəstələr üçün koronavirus çox təhlükəli olduğundan, onları gözdən kənar qoymurduq.

Körpə uşaq kimi ayaqlarını qarnına yığıb yatmışdı. Ədyalı sürüşüb düşmüşdü, çəkib üstünü örtdüm. Sonra nəfəs almasına diqqət yetirdim. Çünki hər hansı narahatlığı olsaydı nəfəs almasından biləcəkdim. Qorxulu heç nə olmadığını görüb geri döndüm, palatadan çıxmaq istədikdə:

- Həkim, gəlmisən, - gözüyumulu soruşdu.

Qulaqlarıma inanmadım, axı yatmışdı...

- Hə, gəlmişəm, deyəsən gözləmisiz, - gülümsədim.

- Hə, gözlədim...

- Narahat olmayın, buradayam, rahat yatın, - könlünü almağa başladım. - Biz həkimlər nə üçün varıq, Allah qoysa tezliklə evinizə qayıdacaqsınız, - dedim.

Bilirdim ki, xəstəyə bu cür ümid vermək müsbət təsir edir. Yanılmamışdım. Bu sözlərimdən sonra daha danışmadı və bir-iki dəqiqə sonra yuxuya getdi.

Beləcə günlər ötdü, xəstənin vəziyyəti yaxşılaşırdı. Nəhayət, bir səhər ondan götürülmüş analizin nəticəsi mənfi çıxdı. Bir Allah bilir necə sevinirdik, onu əziz, doğmamız  kimi evinə yola saldıq...

Hə, bir xəstəmiz də vardı - Nüşabə xanım. İki həftə əvvəl ağ ciyərin iki tərəfli pnevmaniyası, buzlu şüşə diaqnozu ilə gətirilmişdi. Müalicəsinə başladıq, qısa vaxtda hərarətini saldıq. Vəziyyəti get-gedə yaxşılaşsa da, tənəffüsü normallaşmırdı, əksinə, daha da çətinləşirdi, hətta boğulurdu. Oksigen verdik,  xeyri olmadı, qəfildən tənəffüs çatışmazlığı baş verdi və cəld reanimasiya şöbəsinə köçürdük.

Elə yaxşı qadın idi ki. Gəldiyi gündən xoş xasiyyəti ilə özünü hamıya sevdirmişdi. Ona görə də hamımız sarsılmışdıq. Amma ümidimiz də itməmişdi, Nüşabə xanımın sağ-salamat palataya qayıdacağına inanırdıq. Budur, bir səhər özündən əvvəl şad xəbəri gəldi – onu palataya köçürürdülər. Çəkdiyimiz zəhmətin və Allahın möcüzəsi sayəsində Nüşabə xanım koronavirusu yenmişdi.

Amma həmişə istədiyimiz kimi olmurdu. Bir əhvalat danışım: virus yoluxmuş xəstələrimizdən biri də qan xərçəngi – leykoz idi. Ona qan köçürdürdük, amma yaxşılaşmırdı. Bilirdik ki, cavan olsa da, xəstəliyi çox amansızdır, bütün cəhdlərimiz əbəsdir. Odur ki, başqa klinikaya köçürmək qərarına gəldik. Onu arabada təcili yardım maşınına aparanda, həyəcanla üzümə baxdı:

- Doktor, mən yaşayacağam? – soruşdu.

Səsi titrədi. Qəhərdən boğulduğunu görməyim deyə üzünü yana çevirdi.

- Hə, əlbəttə, hələ uşaqlarının toyunu da görəcəksən, - dedim.

Yeganə ümid yeri olduğum üçün o andaca inandı. Arabadan qalxıb sakitcə maşına oturdu. Son dəfə sağollaşıb, maşının qapısını örtdüm.

…Qapının şappıltısı sanki solaxay sillə kimi sifətimə çırpıldı. Üzüm alışıb yandı. Özümdən asılı olmayaraq əlimi yanaqlarıma çəkdim. İlahi, xəstənin gözlərinə baxa-baxa yalan danışmaq necə də çətinmiş...

Üç gün sonra qardaşı bizə onun ölüm xəbərini verdi.. 

                           * * *

Gecələrin yuxusuzluğu, yorğunluğu, hava keçirməyən skafandr geyimdə 8 saatlıq gərgin iş rejimi, saçımın dibindən kürəyimə süzülən soyuq tər yavaş-yavaş səhhətimdə özünü göstərirdi. Əynimdəki paltarlar suya dönmüşdü. Canımı dişimə sıxıb, tir-tir titrəyirdim.

Avtobus bizi qaldığımız, koronavirusla mübarizəyə cəlb edilmiş 700 qəhrəman tibb işçisi üçün ayrılmış otelə gətirdi. Üst qatdakı otağıma qalxıb, əynimi dəyişib, yemək yemədən yerimə uzandım və gözümü yummağımla yuxuya getməyim bir oldu.

Nə qədər yatdım, bilmirəm, pəncərədən süzülən gün işığına oyandım. Elə evimizdə olmaq istəyirdim ki... Aylardır istisini duymadığım evim, ailəm, ürəyimin parçaları olan oğul balalarım üçün darıxdım. Amma yox, hələ yüzlərlə xəstəyə lazımam. Bir anlıq qulaqlarımda yaşamaq üçün ölüm-dirim mübarizəsi aparan insanların fəryadı qopdu. Dayana bilmədim, əllərimlə üzümü qapayıb hıçqırdım.

Qalxıb pəncərəyə yaxınlaşdım. Qarşıda dənizkənarı bulvarın gözəl mənzərəsi canlanırdı. Amma təəsssüf ki, dünənədək adamların aşıb-daşdığı bulvarda kimsə gözə dəymirdi. Hətta tez-tez kükrəyib şahə qalxan Xəzər də sahilində gəzişən insanların səsinə qəribsəyib, lal olmuşdu…

Müəllif: Vüsal Tağıbəyli

APREL DÖYÜŞÜNÜN MÜZƏFFƏR ƏSGƏRİ... COVİD-lə mübarizə aparır

Ruslanı üz-üzə görməmişəm. Əvvəlcə telefonda tanış olduq. Səbəb COVİD-19 xəstəliyinin ailəmizin  başının üstündə əsdirdiyi səmum küləyi idi. Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində ağır vəziyyətdə yerləşdirilən qardaşım, reanimasiya şöbəsinin  müdiri, həkim reanimotoloq Gülarə Abbasovanın səyləri nəticəsində kritik durumdan çıxarılandan iki həftə sonra, elə həmin xəstəxananın ürək-damar cərrahiyyəsi şöbəsinə yerləşdirildi. Təbii ki,  COVİD-19 xəstəliyinin çətin şərtlərinə görə, nə xəstəxanaya getmək olur, nə də ki, xəstələrimizi görə bilirdik. Belə bir məqamda, mobil telefon vasitəsi ilə xəstəmizin vəziyyətini öyrənmək üçün şöbənin həkimləri və tibb işçiləri ilə əlaqə saxlamalı olurduq. Beləcə tez-tez zəng vurduğum, qardaşımdan xəbər bildiyim tibb işçilərindən biri də üzünü görmədiyim Ruslan Ağakişiyev idi.  Bilirdim ki, tək adamlıq palatada xəstəliyin ağırlığından zəif düşən, hətta özü durub ayaqları ilə sərbəst gəzə bilməyən xəstəmizin bütün şıltaqlıqlarına dözür, onu çayını verir, yeməyini yedirir, paltarını dəyişir və üzünü qırxırdı...

Bir həftədən sonra  xəstəmiz artıq özünə gəlməyə başlayanda, oxumağa kitab istədi. Xəstəxanaya göndərdiyim kitabların içərisində müəllifi olduğum, 2016-cı ilin aprel ayında qəhrəmanlıqla şəhid olan hərbçilərimizin həyatına həsr etdiyim kitabım da var idi...

Həmin günü gecədən xeyli keçmiş telefonum zəng çaldı. Baxdım ki, Ruslandır. Çox həyəcanlandım. Yenə elə düşündüm ki, yəqin xəstəmizin halı pisləşib. Telefonun o başında Ruslan: “Mən sizə çox minnətdaram, sizdən icazəsiz şəhidlərimiz haqqında yazdığınız kitabı götürmüşəm oxumağa. Orada şəhid olanların çoxunu tanıyırdım. O dostlarla birlikdə mən də aprel döyüşlərinin iştirakçısı olmuşam...”.

O gündən sonra Ruslanla tez-tez zəngləşirdik. Zaman keçdi. Ağ xalatlı həkimlərin, tibb işçilərinin böyük zəhməti nəticəsində bizim xəstəmiz sağalaraq, evinə - doğmalarının, əzizlərinin yanına döndü.

Bu günlərdə COVİD-19 xəstələrinin sayının azalması sevincimi bölüşmək üçün Ruslana zəng etdim. Dedim ki, Ruslan sizi təbrik edirəm. Yəqin ki, iş yükünüz nisbətən azalıb. İndi səninlə danışa bilərik. Bilirsən ki, sənin aprel döyüşlərində iştirakın mənim üçün ən xoş xəbər olub. De görüm işləriniz nə yerdədir?

--Hazırda bizim xəstəxanada otaqların çoxu boşalıb. Bu çox sevindirici bir haldır ki, xəstələrin çoxusu sağalıb evinə döndü. Bu yaxınlarda İtaliyadan gələn həkimlər  xəstəxanamıza gəldilər. Və bizim işlədiyimiz şəraitlə tanış oldular. Təcrübəmizi bəyəndilər.  Tərcüməçi vasitəsi ilə onlara necə işlədiyimizi başa saldıq. Xəstəxanada qurulan COVİD-lə işləmək metodumuzu öyrəndilər.

--Bildiyim qədər, Mərkəzi Neftçilər Xəstəxanasında COVİD-lə işləmək metodunu ilkin olaraq baş reanimatoloqunuz, reanimasiya şöbəsinin müdiri  Gülarə Abbasova  təşkil etmişdi.

--Bəli. Gülarə xanım Abbasova bizim üçün qırmızı və yaşıl dəhliz  yaratdı. Soyunub geyinmə qaydaları öyrətdi, qrafik tutdu və bu günə qədər də həmin qaydalarla işləyir bütün tibb işçilərimiz. Ona görə də bizim xəstəxanada tibb işçiləri içərisində kəskin yoluxma olmadı. Biz gündə iki dəfə çalışdığımız  şöbələrdən çıxıb, paltarlarımızı dəyişib, nahar edib, çay içirik ki, xüsusi qoruyucu paltarlarda işləməyə gücümüz olsun. İş günümüz bitəndən sonra dəniz kənarında bizim üçün xüsusi ayrılmış hoteldə qalmağa gedirik. Hazırda Gülarə Abbasovanın yerini ATU tədris və cərrahiyə xəstəxanasına dəyişiblər. İndi orada qayda yaradır. Lakin Gülarə həkim hoteldə də qayğımıza qalır, nə yeyib-nə içdiyimizlə maraqlanır.  Bilirsiniz həkimin münasibəti ilə  şöbədə iş qurulur.  Onun tövsiyələri ilə bizim  işlərimiz də uğurlu alındı. İtaliyalı həkimlər də  onun  yazdığı iş rejimindən bəhrələndilər.  

--Ruslan, bildiyim qədər, mart ayından etibarən   COVİD-lə mübarizə  aparmaq üçün  işə cəlb edilmisən. Bəs əvvəllər harada işləmisən?

-- Mən əsgəri xidmətimi başa vurandan sonra,  gəldim Mərkəzi Neftçilər Xəstəxanasında işə düzəldim.  Bilirsiniz mənim insanlara yardım etmək, xidmət etməkdən xoşum gəlir. Kiməsə köməyim keçəndə sevinirəm. Bir gün bizə dedilər ki, xəstəxana karantinə bağlanır. Və biz də evə gedib gözləməyə başladıq. İki gündən sonra martın sonunda xəstəxanaya gəldik. Çox ağır şəraitdə işləməyə başladıq. Gülarə xanım Abbasovanın rəhbərliyi ilə şöbələri COVİD-19 üçün hazırladıq.  Çünki  koronoviruslu xəstələrlə işləmək çox çətindir. İnsan öz həyatını təhlükə altında qoyur. Axı bizim də doğmalarımız, gözləyənlərimiz var. Bununla belə Vətənə kömək lazımdırsa, kənarda qalmaq olmazdı. Bildiyiniz kimi mənim  özümdən iki yaş kiçik qardaşım Aslan da bu xəstəxanada işləyir. Biz demək olar ki, bir-birimizi çox az görürük. O işə gələndə, mən hotelə gedirəm. Ümumilikdə iş günümüz 12 saat təşkil edir.

--Xəstəliyə yoluxmaq kimi bir qorxu keçirdinmi?

-- Əslində mən xəstəliklə ilk mübarizəyə başlayandan az sonra, aprel ayının ortalarında, elə xüsusi geyimi geyindiyimin ilk günlərində dadbilmə, iybilmə keyfiyyətlərimi itirdim. Aktivliyim aşağı düşdü.  İmmunitetim güclü olduğundan xəstəliyi ayaq üstə keçirdim. Şükür Allaha, bu günə qədər sağlamam. Yəqin ki, bundan sonra da  işləyəcəyəm.

-- Xəstələri necə gördün? Ağır xəstələri xilas etdiyin olubmu?

--Bir xəstə var idi. Lal idi. Qulaqları  eşidirdi, danışa bilmirdi. Mən ona  qulluq edirdim,  prosedura aparıb gətirəndə, baxdım ki, nəsə demək istəyir, ancaq məni başa sala  bilmir. Dedim ki, mənə minnətdarlıq etmək istəyirsən? Bu sözü deyəndən sonra , baxdım ki, həm gülümsəyir, həm də gözlərindən yaş gəlir. Bir dəfə də bir dializ xəstəsini verdilər ki, onu  dializə aparım. Dəhlizlərimiz çox uzundur da.  Dəhlizlə gedəndə baxdım ki, xəstənin səsi-nəfəsi  gəlmir. Onu birbaşa Gülarə həkimin olduğu reanimsiyaya apardım. Dərhal intubasiyaya qoşdular. Mən qərar qəbul edib, cəld tərpənməsəydim, o xəstəni xilas etmək olmazdı. Şükür Allaha ki, sağaldı. Mənim işim xəstələri çarpayılarda,  kolyaskalarda aparıb gətirmək, onların yerini dəyişməkdən ibarətdir. Mən burada çox işlərə baxıram, əməliyyatxanada, digər otaqlarda xəstələrin, həkimlərin işinə kömək edirəm. Xəstələri dializ aparatına qoşuram.  Ancaq reanimasiyada işləyən tibb işçiləri  Telman və Elman qardaşlarının işi lap ağırdır.  Bildiyiniz kimi, COVİD əsasən ağır çəkili insanlarda  daha çox fəsad yaradır. Çəkiləri 100-120-130 kilo olan  həmin xəstələri Elman və Telman qaldırırlar, 5 saatdan bir kürəyi üstə çevirirlər, gündə neçə dəfə altını dəyişirlər, o xəstələr reanimasiyada çox ağır vəziyyədə olurlar.  Biz isə onlara kömək  etməkdən zövq alırıq. Bizim kollektiv əvvəllər də mehriban idi. Bu ağır günlərdə lap mehriban olmuşuq. Bir də ki, o xəstələrin xeyir-duaları bizim ən böyük qazancımızdır.

-- Bilirəm ki, 9 aylıq bir oğlun da var. Necə görüşürsən. İndi onun ən sevməli vaxtıdır? Darıxmırsan ki?

-- Demək olar ki, telefonla görüşürük. Artıq səsimi, üzüm tanıyır. 1-2 dəfə evə getmişəm. Anam-atam, ailəmlə nahar edib, sonra geriyə - məni gözləyən xəstələrimizin yanına qayıtmışam. Bilirsiniz ağır olan nədir? Körpə, şirin, sevimli övladını qucağına alıb, bağrına basa bilmirsən, doyunca onun körpə qoxusunu iyləyə bilmirsən... Mən onun necə böyüdüyünü görə bilmirəm.  Onun ətri üçün darıxıram. Ancaq neyləyim ki, Vətən hər şeydən irəlidir. Vətən çağırırsa, öndə olmalısan.

-- “Vətən” dedin. Sən aprel döyüşlərində sona qədər iştirak etmisən.

-- 2016-cı il aprel ayının 1-i mən hərbi qulluğumu başa vurub, evimizə qayıtmalı idim. Eə həmin gün tabora həyəcan siqnalı verildi. Dedilər ki, düşmən təxribatıının qarşısını almalıyıq.  Bizi  Füzuli istiqamətindən  strateji  mövqelərdə otuzdurdular.  Mən artilleriyada   82 minomyotunda idim. Kəşfiyyatçılara dəstək verirdik.  Döyüşə girməyimizlə Lələtəpəni almağımız bir oldu. 4 gün döyüşdük. 10 gün də mövqelərimizdə səngər qazdıq, yaralıları daşıdıq,  ərazidə qalan şəhidlərimizi çıxardıq.   Artıq evə getmək haqqında arzuları unutmuşduq. Bir silahımız idi, bir komandirlərimiz, bir də yaxın dostlarımız. Hamımız irəlini düşünürdük. Mülki camaat da bizə yardım edirdi. Hamımız düşünürdük ki, irəlidəki ərazilərimizi götürüb, Qarabağa çatacağıq. Orada mənim komandirim var idi-- mayor Faiq Qasımov. Əlini çiynimə qoyub, videolarda gördüyünüz məşhur Cəbrayıl işarəsi olan dirəyin üstündən gedən yolu göstərib deyirdi ki, oğul bax, o yol Qubadlıya gedir.  Cənab Qasımov da, mən də Qubadlıdanıq.  Mən sizə anlada bilmirəm, hər dəfə o yala baxanda keçirdiyim hissləri.  Ürəyim atlanırdı. Elə bilirdim ki, lap yaxın günlərdə kəndimizdə olacağam. Əhval-ruhiyyəmiz o qədər yüksək idi ki...  Mən axı Qubadlını görməmişəm.  Tez-tez soruşurdum ki, komandir neyləyək?! Deyirdi, əmri gözləyin.  Lakin düşəmən təxribat edirdi, əclaflar  dinc sakinlərə atırdılar.  Bizim komandir batalyonumuz var idi, mayor Rasim Məmmədov. Çox qeyrətli və mərd bir  insan idi. Tez-tez taboru sıraya düzüb dərs keçirdi, öyüd nəsihət verirdi. Deyirdi ki, boş-boşuna şəhid olma, əvvəlcə get qarşıdakı təpələrdən birini al, sonra şəhid ol. Deyirdi ki, sizin ata-ananız onda  sizinlə fəxr edər ki, siz burada qəhrəmanlıq göstərəsiniz. O şəhid olanda çox pis olduq. Biz general Mais Bərxudarovu əsgərlərlə birlikdə görürdük. Elə bil ki, bizim birimiz idi.  Hətta  COVİD  pandemiyası başlamazdan əvvəl, təsadüfən  general Mais Bərxudarovu xəstəxanamızda gördüm. Yaxın qohumunu xəstəxanaya gətirmişdi. Ürəyim əsə-əsə ona yaxınlaşıb, hərbi salam verdim. Sevindi. Özümü təqdim etdim. Biləndə ki, burada da xidmət edirəm, dedi sənə Vətənə xidmət yaraşır. Aprel döyüşlərini yada saldıq.

--Düşmənlə üz-üzə gəldinizmi?

--Düşmənlə bir neçə dəfə üz-üzə gəldik. İnanın ki, bizi görəndə silahlarını atıb qaçırdılar. Mənimlə birlikdə xidmətdə olan əsgər dostlarım Rəşad Əlizadə, Məftun İsmayılov  var idi.  Düşmənə göz verib, işıq vermirdilər. Mən  aprelin 14-də evə gələndə atamın saçlarını ağappaq ağarmış gördüm.Anam dedi ki, mənim ön cəbhədə olduğum müddətdə, onun saçları ağarmışdı. Bayrağı Lələtəpəyə gözümün qabağında Elvin adlı dostumuz sancdı. Ruhin Qəhrəmanov var idi. MAXE. Onunla tez-tez siqaret çəkməyə çıxırdıq. Onun gözləri intiqam hissi ilə yanırdı. Onun gözlərini unuda bilmirəm.  Çox istəyirdi ki, tezliklə Füzuli rayonu və digərləri azad olunsun.  Biz düşməndən qorxmurduq ki... Bu dəqiqə çağırsalar yenə də gedərəm. O gün ermənilər tərəfindən Tovuz təxribatı baş verəndə ürəyim uçunurdu. Fikirləşirdim ki, yəqin ki, əmr verilsə, yenə gedib döyüşəcəm. Yenə olmadı... Qulağım səsdə qaldı. Mən həmişə ön cəbhədə döyüşmək, işləmək istəmişəm... Qismət belə alındı ki, iş axtarıb, sonda  COVİD cəbhəsinə düşdüm. İndi burada vuruşuram.

--Ruslan erməni ilə mübarizə asandır yoxsa COVİD-lə?

--Erməni kimdir ki, biz ondan qorxaq. O bizim qarşımızdan silahı atıb qaçırdı. O əclaf və şərəfsizlərin gücü dinc əhaliyə çatır.  Pandemiya bütün dünyada gözə görünməyən bir mərətdir. Bilmirsən ki, sənə harada, necə hücum edəcək. Biz COVİD-19-la mübarzə apardıq. Şükür Allaha nəticəsini də aldıq. Bu günkü gün  mənim işlədiyim şöbədə heç 30 nəfər xəstə sayılmaz. Şükür Allaha ki, azaldılar. Kritik günlər aşağı düşdü. Bu pandemiya dövründə biz  çox çətin şərtlər daxilində gecə-gündüz işlədik. İndi bizim tibb işçilərimiz də artıq həkimlər qədər təcrübə qazanıblar. Böyük sınaq və imtahandan üzüağ çıxdıq.

--Bu COVİD xəstəliyi nə zaman bitəcək, bilmirik... Sona qədər bu cəbhədə varmısan?

-- Sonacan. Lələtəpədə qazandığımız uğuru burada da qazanmalıyam.

Ruslan Ağakişiyev özünü bəxti gətirən əsgər sayır deyir ki, mənim hərbi biletimdə Qalibiyyətimiz haqqında əmr vardır.  Hərbi biletimdə bu sözlər yazılıb: “02.04.2016-cı il tarixdən 05.04.2016-cı il tarixədək düşmən təxribatının qarşısını alınması və Azərbaycan Respublikası ərazi bütövlüyünün uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. 706 nömrəli hərbi hissənin qərargah rəisinin vəzifəsini icra edən:  polkovnik R.Bədəlov.”.

Mən isə bu yazını Mərkəzi Neftçilər Xəstəxanasının  reanimasiya şöbəsinin baş həkimi Gülarə Abbasovanın bir fikri ilə bitirmək istəyirəm: “Gün o gün olsun ki, biz COVİD-lə mübarizədə qalib gələk. Bu gözə görünməyən xəstəliklə apardığımız müabrizə ömür kitabımıza yazılıb. Ağır günlərimiz bitəndən sonra  Azərbaycan xalqı bizi  ayaq üstə “Heyratı” sədaları ilə alqışlasınlar!”. Bu bizim ən böyük mükafatımız olar.”.

Artıq bu gün COVİD-19-la mübarizədə  xəstələrimizin sayı ikirəqəmlidir. Bu böyük bir uğurdur. Gün o gün olsun ki, bütün düşmənlərimiz üzərində qələbə qazanaq! COVİD-19-a son qoyduğumuz günü qurbanlar kəsək!

Müəllif: Aida Eyvazova

“Atəş altında həm erməni, həm koronavirusla mübarizə aparırdıq” –

 “Bu dövrdə bizim iki düşmənimiz vardı. Həm ermənilərlə, həm koronavirusla mübarizə aparırdıq”.

Koronavirus infeksiyasının yayılması səbəbindən mart ayından etibarən Azərbaycanda karantin rejimi tətbiq edilir. Zaman-zaman sərtləşdirilən, zaman-zaman yumşaldılan karantin rejimi müddətində daim işinin başında olan, peşə borcunu yerinə yetirən sənət sahibləri sırasında jurnalistlər xüsusi yer tutur. “Günün qəhrəmanları”ndan olan müsahibim də karantin müddətində insanları düzgün məlumatlandırmaq üçün günlük iş rejimində dəyişiklik etməyən, “Yeni Müsavat” Media Qrupunun nəzdində fəaliyyət göstərən Minval.info saytının baş redaktoru, foto-reportyor Məhəmməd Türkməndir. M. Türkmən bildirir ki, o pandemiya müddətində yalnız jurnalistika ilə məşğul olmayıb. Həm yardım kampaniyasında iştirak edib, həm də cəbhə bölgəsində yaşananları işıqlandırmaq üçün yollandığı Tovuz rayonunda insanlar arasında koronavirusdan qorunmağın yolları barədə təbliğat aparıb.

“Biz jurnalistlər olaraq pandemiya dövründə iş başındaydıq, indi də iş başındayıq. Pandemiyanın ən sərt dönəmində işimizi görürdük. Kollektivimizin böyük qismi evdən fəaliyyət göstərsə də, “TV Müsavat” kollektivi olaraq canlı yayımlarımızı evdə qalan tamaşaçılar üçün təqdim edirik. Qaydalara əməl edərək, özümüzü qoruyaraq hər gün redaksiyaya üz tuturuq” deyən həmsöhbətim koronavirusa yoluxmaq qorxusu yaşadığını da gizlətmir:

“Koronavirusa yoluxmaq qorxusu isə hər zaman vardı, indi də var. Virus olduqca da qorxu, narahatlıq olacaq. Lakin bu narahatlıq işimizə mane olmur. Şəxsi avtomobilim olmasa da, işə taksi ilə gedib gəlirəm, əlcəkdən, tibbi maskadan istifadə edirəm. Getdiyim ünvana çatan kimi əllərimi yuyub, spritdən istifadə edirəm. Redaksiyada kiçik kollektivlə işimizi davam etdiririk. Xırda şübhəsi olan dərhal test verir, cavablar çıxana kimi işini evdən görür. Bu stressi bir neçə dəfə redaksiya daxilində yaşamışıq. İki əməkdaşımız xəstəxanada müalicə alır. Biz işimizi dayandıra bilmərik, həkimlər, polislər, hərbçilər necə dayana bilməzsə, işinin başında olmalıdırsa, biz də xalqı məlumatlandırmalıyıq. Belə bir həssas günlərdə hər kəsin məlumat almaq hüququ var”.

5 aylıq karantin dövründə ehtiyacı olan insanlar üçün yaradılan yardım kampaniyasında iştirak edən Məhəmməd Türkmən qapı-qapı gəzib onlarla insanla ünsiyyətdə olsa da, qaydalara əməl etdiyini unutmadığını deyir:

“Karantin rejimi başlayanda “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun həyata keçirdiyi yardım kampaniyasında yer aldım. Yüzlərlə qapı döyüb, insanların ərzaq ehtiyacını qarşıladıq. Düzdür, dövlətimiz insanların ehtiyacını qarşılasa da, biz də əlimizdən gələni etdik. Bu müddətdə də maksimum özümü qorumağa çalışdım. Həmin ərəfədə həm jurnalistika, həm də yardım kampaniyası ilə məşğul idik. Qapılara bir-bir gedib, insanlara ərzaq yardımı etdik. Bunu da özümüzə vəzifə borcu bildik. Təbii ki, virusun varlığını unutmadıq. Özümüzü hər kəsdən daha artıq qorumalı idik, işlər dayana bilməzdi, həm də başqalarını düşünməli idik.
Bundan başqa Tovuz istiqamətində ermənilərlə yaşanan gərginlikdən sonra Bakıda gənclər bir araya gəldi və cəbhəyə göndərmək üçün təkərlər topladı. O aksiyada da qaydaları pozmayaraq iştirak etdim. Çünki bunu özümə borc bilirdim”.

Son günlər cəbhə bölgəsində yaşanan atışmalar zamanı Tovuz rayonuna yola düşən jurnalist qeyd edir ki, eyni anda iki düşmənlə mübarizə aparmaq asan olmasa da, işinin öhdəsindən layiqincə gəlib:

“Bu müddətdə ölkə olaraq iki düşmənlə mübarizə apardıq. Həm koronavirus, həm də erməni. Eyni zamanda iki düşmənlə savaşdıq, məqsədimiz də hər iki düşmənə qalib gəlmək idi. Tovuz istiqamətində atışmalar gedən zaman həmkarım İlkin Muradovla kameramızı alıb yola düşdük, reportaj hazırladıq, insanların təəssüratını, yaşadıqlarını lentə aldıq. Virusun maksimum yayıldığı Bakıdan gedirdik, insanlar üçün təhlükə mənbəyi ola bilərdik. Ona görə maksimum özümüzü də, insanları da qorumağa çalışırdıq. Həm informasiya  savaşının öncəliyində gedirdik, həm virusla mübarizə aparırdıq ki, işimizə mane olmasın. Eyni zamanda insanları maarifləndirirdik ki, hansı vəziyyətdə olmağımızdan asılı olmayaraq iki düşmənlə mübarizə apardığımızı unutmasınlar. Onlara bildirirdik ki, maska taxmalıyıq və sosial məsafə saxlamalıyıq. Əraziyə gələn rəsmilər də, deputatlar da, başda Qənirə xanım Paşayeva olmaqla qaydalara əməl edirdi. Hətta şəhidimizin dəfn mərasimində, xüsusi görüşlərdə rəsmilər tərəfindən insanlara maskalar paylanılırdı. Polislər də insanların qaydalara əməl etməsinə nəzarət edirdi. Qaydalara əməl edilməsi sayəsində Tovuz rayonuna yüzlərlə insan axışsa da, koronavirusa yoluxmanın sayı artmadı. Atəş altında olan kəndlərdə idik. Sakinlərlə söhbət edirdik. Onlar illərdir düşmənin hədəf aldıqları dinc sakinlərdir. Amma heç nədən qorxmurlar. Bu dönəmdə isə ikinci düşmənlə, koronavirusla mübarizə aparırlar. Bəlkə də, günün, ayın, ilin qəhrəmanları həm də onlardır. Atəş altında olsaq da, xəstəliyin varlığını unutmurduq”.

“Yüzlərlə insanla ünsiyyətdə olub koronavirusa yoluxmamağınızın səbəbi şanslı olmağınız idi, yoxsa qaydalara əməl etməyiniz” sualına isə müsahibim belə cavab verir:

 “Tovuz rayonunda sərt karantin rejimi tətbiq olunmasa da, biz özümüzü qoruyurduq. Özümlə səfərə 30-40 maska götürmüşdüm ki, tədbiri əldən verməyim. İnsanlarla sosial məsafə saxlayırdıq, əllə görüşmürdük. Özümü həm də zəncəfil və bal qarışığı ilə qoruyuram. Hər gün səhər südlə zəncəfili qaynadıb, bal qatıb içirəm. Vitamin qəbul edirəm. Müxtəlif məkanlarda, yüzlərlə insanla ünsiyyətdə olsam da, koronovirusa yoluxmamışam. Bunun səbəbi həm qaydalara əməl etməyim, həm də şanslı olmağım idi. Çünki qaydalara nə qədər əməl etsən də, qaydalara əməl etməyən, məsuliyyətsiz davranan şəxslərə görə xəstəliyə tutula bilirsən. Xəstəliyə tutulmamağımın bir səbəbi də psixoloji olaraq özümü qorxutmamağımdır. Pandemiya dövründə çalışan şəxslər varsa, bu, onların cəmiyyət üçün vacib iş gördükləri anlamına gəlir. Deməli bu mübarizə yolunda dayanmaq, yoldan qayıtmaq olmaz. Qaydalara əməl edərək yaşamaq lazımdır. Biz bu virusla yaşamağı öyrənməli, bu şərtlər altında çalışmağı öyrənməliyik, buna alışmalıyıq”.

M. Türkmən deyir ki, koronavirus tamamilə yox olmadıqca insanlar qaydalara əməl etməlidir:

“İnsanlara tövsiyə edirəm ki, hansı peşə sahəsi ilə məşğul olmağınızdan asılı olmayaraq koronavirusun bizim düşmənimiz olduğunu unutmasınlar. Qaydalara əməl edərək hər kəs peşə fəaliyyətini davam etdirə bilər. Bizdən tələb edilən qaydalar çox sadədir. Sosial məsafə saxlamaq, maska taxmaq, əlləri yumaq, spirtləmək, bir yerə toplaşmamaq, insanların sıx toplaşdığı yerlərdən uzaq olmaq və s. Unutmamalıyıq ki, hər şey bizim sağlamlığımız üçündür. İlk olaraq biz özümüzü, ailə üzvlərimizi düşünməliyik. Övladlarımız yoluxmasın deyə qaydalara əməl etməliyik. Bir nəfərin yoluxması ətrafımızdakı onlarla insanın yoluxması deməkdir. Biz iş başındayıqsa, peşə borcumuzu yerinə yetiririksə, insanların sağlamlığını təhlükəyə atmamalıyıq. Bəzi insanlar deyir ki, biz sizin üçün işləyirik. Bu yanlış deyimdir. Biz peşə borcumuzu yerinə yetiririk. Mən virusdan qorunmaqda ən böyük gücü peşəmdən alıram. Hesab edirəm ki, təkcə özümə, ailəmə görə yox, oxucularımız, tamaşaçılarımız üçün özümü qorumalıyam. Bunu özümə vəzifə borcu hesab edirəm. Necə hərbçilərimiz, polislərimiz, həkimlərimiz ölkəmiz, xalqımız üçün çalışırsa, biz də öz peşə fəaliyyətimizi davam etdirərək insanların düzgün məlumatlanması üçün əlimizdən gələni edirik, etməliyik. Buna görə heç kimə minnət qoya bilmərik, qoymamalıyıq”.  


Müəllif: Könül İbrahim

Gündəlik yoluxma həddinin 600-ə yaxın olduğu günlərdə, həkim-oftalmoloq Nigar Hüseynova taclı virusla mübarizəyə atılmaq qərarını verir. Onun koronaviruslu xəstələrin müalicəsinə start verdiyi gün 26 iyun tarixinə təsadüf edir. Həmin gün  Azərbaycanda yeni növ koronavirusa yoluxma sayı 547-ə, ölüm sayı isə 6-a çatıb. Artıq 2 gün idi ki, yoluxma həddi 500-ün üzərindəydi. Pulmonoloq, infeksionist, reanimatoloq sayı yeni xəstələnən insanların müalicəsi üçün yetərsizdir və digər profilli həkimlər də prosesə qoşulur. Mərkəzi Neftçilər xəstəxanasında müxtəlif profilli şöbələr sırf koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Pandemiyaya qədər klinikada insanların gözünün nurunu onlara qaytaran həkim, doğma divarlarda yad virusa yoluxan pasiyentlərin müalicəsi ilə məşğul olmalıdır.

Növbədəki 12 saat

Hər yeni gün eyni cür başlayır. Nigar xanım qoruyucu kombinezonu, maska və eynəyini geyinir və işinə start verir.  İlk görəcəyi iş növbədən çıxan həkimlərdən bütün məlumatları almaqdır. Məlumat mübadiləsi sağalma və ya ağırlaşma sayına görə günün ən gözəl və ya ən kədərli məqamına çevrilə bilər. Nigar xanım daha sora xəstələri müayinə edərək yeni göstəriciləri qeydə almalıdır. Bu göstəricilərə uyğun olaraq müalicə dəyişə və ya eyni qala bilər. Qarşıda qəhrəmanımızı 12 saatlıq növbə və şöbəyə yerləşdirilən nə az, nə çox 45 xəstənin sağlamlığının keşiyində durmaq gözləyir.

Nigar xanım deyir ki, ilk günlərdə xəstələrin vəziyyəti kifayət qədər ağır olduğundan eyni anda 4-5 nəfərin  çağırışına qaçmalı olurdu. Yalnız sonrakı günlərdə pasiyentlərin qızdırması, saturasiyası, təzyiq və digər göstəriciləri norma çərçivəsinə salındığından həkimlər 12 saatlıq növbə zamanı yemək üçün vaxt qazana biliblər.

12 saat ayaqüstə, olduqca narahat kombinezonun içində, bəzən yeməyə belə vaxt tapmadan işləməyə heç də bütün həkimlər razılaşmır, imtina edir. Nigar xanım da imtina edə bilərdi. Amma qəhrəmanım və onun kimi yüzlərlə həkim Hippokrata verdikləri andı və Nazim Hikmətin məşhur misralarını xatırlayır: “Sən yanmasan, mən yanmasam, necə çıxar bu qaranlıqlar aydınlığa...”

Lap müharibədə olduğu kimi ...

Nigar xanım deyir ki, ilk günü heç vaxt unutmayacaq. Virus yeni olduğundan müəyyən qorxu hissi var idi.  Lakin işin çoxluğundan bu hiss tezliklə atrofiyaya məruz qalır. Qorxu hissini qidalandıran cığırların qarşısını  45 xəstənin məsuliyyəti anındaca bağlayır.

Qəhrəmanım  virusla mübarizəni müharibəyə bənzədir. Müharibədə isə bütün üsullar keçərlidir. Buraya vəziyyətin yoxlanılması və buna uyğun göstərişlərin verilməsindən tutmuş, ürək-dirək verməyə qədər hər şey daxildir.  Axı tezliklə müalicə olunacağına inanan pasiyent ən azı 1-0 öndədir.

Dar profilli həkimlərin hər biri infeksionistlərin rəhbərliyi altında işləyir. Nigar xanım da istisna deyil.  Onun əsas işi xəstələrlə danışmaq, şəkərin, qızdırmanın, təzyiqin qalxdığı zaman uyğun müalicə yazmaq, saturasiyanı yoxlamaq, ağırlaşması olan xəstələrin bəzilərinin rentgendən, bəzilərinin elektrokardioqrafiyadan , bəzilərinin  dializdən keçməsini təmin etməkdir. Bütün bunları etmək üçün lazım olan bilikləri Nigar xanım bütün dar profilli həkimlər kimi tibb universitetində oxuyarkən əldə edib. Həmsöhbətim deyir ki, hər hansı bir məqamda çətinlik yaşasa, infeksionistlərlə məsləhətləşərək fərqli üsul tətbiq edə bilər və bu məsləhət bəzən qızıldan da dəyərli olur. Çünki xəstəxana divarlarında əsas dəyər insan həyatıdır.

Nigar xanım deyir ki, koronavirusla mübarizənin əsas çətinliyi və oftolmologiyadan fərqi işinin bəhrəsini anındaca görə bilməməkdir. Bəzi oftolmoloji əməliyyatlardan dərhal sonra pasiyent həyat keyfiyyətinin dəyişdiyini görür. Bunu həkim də müşahidə edir. Koronavirus isə tam mənzərəni ortaya qoyur. Müalicənin nəticəsi özünü dərhal bildirmir və bu bizim qəhrəmanı emosional olaraq ən çox yoran məqam idi.

“İnamsızlıq dövrünün” çətinlikləri

Pandemiyanin ən ağır dönəmi isə insanların koronavirusa inanmadığı dövr idi. Məhz bu inamsızlıq həkimlərin işini əngəlləyən faktorlardan ən başlıcası idi. Koronavirusa inanmayan vətəndaş özünü qorumur, nəticədə yoluxur. Koronavirus yoxdur deyib, ən yaxınlarını yoluxdurur. İnamsızlıq davam edir deyə, yoluxanlar həkimə gec müraciət edir, artıq ağırlaşmaların olduğu məqamda isə bu ağır yük həkimlərin çiyinləri üzərinə düşür. 

Nigar xanım deyir ki, həkimlər istisnasız olaraq bütün xəstələrə özünün ən yaxın insanı kimi davranır. Ən yaxın insanlarını görə bilmək şansını itirərək...  Koronavirusla mübarizə aparan həkim heyəti bir müddət evinə, yaxınlarının yanına gedə bilməz. Çünki yoluxma, yoluxdurma riski həddən artıq ciddidir. Xəstəxana daxilində virusun konsentrasiyası çox olduğundan,  digər həkimlər kimi qəhrəmanım da uzun müddət ailəsindən uzaq qalmalı idi. Nigar xanım valideynləri, 3 övladı və həyat yoldaşından özünü izolə edərək bizim valideynlərimizin, uşaqlarımızın, həyat yoldaşlarımızın sağlamlığının keşiyində dururdu.

Nigar xanım deyir ki, həkimlərin istəyi boş çarpayı görmək idi. Amma səhər saatlarında sağaldığına görə evə buraxılan insanların yerini az keçməmiş yeni xəstələr tuturdu. Xəstəxanaya yatırılan insanların əksəriyyəti COVİD-19 virusunu kifayət qədər ağır keçirir. Bu xəstələrin demək olar ki, heç bir ortaq nöqtəsi yoxdur, koronavirusa yoluxmalarından başqa...

Pasiyentlərin bəzisi cavan, bəzisi yaşlı, bəzisi COVİD-19 dan başqa heç bir xəstəliyi olmayan , bəzisi isə sağlamlığında ciddi problemləri olan şəxslərdir. Buna görə də tətbiq olunan müalicələr fərqlidir. Amma koronavirus proqnozları alt-üst etməyi bacarır. Məsələn kifayət qədər ciddi xəstəlikləri, hətta onkologiyası olan bir yaşlı xanımın sağaldığı gün, səhhətində heç bir problem olmayan gəncdə gözlənilmədən  ağırlaşma müşahidə olundu. Odur ki, heç bir dəyişikliyə hazırlıqlı olmaq mümkün deyildi.

Nigar xanımın da itirdiyi xəstələri oldu və bu itkilər onun üçün xəbərlərdə sadəcə dinlədiyimiz statistika deyil. O insanları həkimimiz şəxsən tanıyırdı. Bir neçə dəqiqə öncə burdaydı, ağır da olsa nəfər alırdı. İndi isə yoxdur. Amma o həkimlərin heç birinin kədərlənməyə belə vaxtı yoxdur. Yeni xəstələr daxil olur və onların müalicəsinə indi, bu an, bu saniyə atılmalısan. Əks halda yenə itirə bilərsən.

İtirdiklərimiz

İtirdiklərimiz arasında Nigar xanımın daha bir həmkarı, koronavirus pandemiyasının ilk günlərindən pasiyentlərin müalicəsi ilə məşğul olan anestezioloq-reanimatoloq Teymur Cəfərov da var. O neçə-neçə insanı koronavirusdan müalicə etsə də, özü elə bu xəstəlikdən də vəfat etdi.

Bununla da koronavirusun bizdən aldığı həkimlərin sayı 30-u keçib. Yüzlərlə həkim və tibbi personal koronavirusa yoluxub, sağalıb və yenidən qollarını çırmalayaraq bizim üçün mübarizəyə atılıb.

İnsanları həyata qaytaran “hədiyyə”

Nigar xanım artıq öz işinə qayıdıb. Öhdəsinə düşən müddətdə koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olandan sonra, adəti üzrə insanların görmə qüsurlarını aradan qaldırmaqla məşğul olur. Nigar xanımın əməliyyatdan sonra pasiyentlərinə təlqin etdiyi maraqlı bir ritual var. Görmə qabiliyyəti geri qaytarılmış insanlar optik eynəklərini maddi durumu zəif olan və eynəyə ehtiyacı olan insanlara hədiyyə edir. Maraqlıdır ki, koronavirusdan sağalanlara da eyni problemdən əziyyət çəkən insanlara "hədiyyə" edə bilər. Bu plazma donorluğudur və ağır vəziyyətdə olan insanlar üçün demək olar ki, yeganə çıxış yoludur. Bu üsulla hər bir sağalmış insan Nigar xanım kimi həkimlərlə çiyin-çiyinə mübarizəyə qoşula bilər. Koronavirus zülmətindən çıxmaq üçün isə Nigar Hüseynova kimi həkimlərin “yanması” azdır. Gərək sən də “yanasan”, mən də!

  

Müəllif: Sevinc Eminzadə

Bütün dünyanı cənginə alan Covid19 doğma Azərbaycanımızdan da yan keçmədi. Mart ayından ölkəmizdə sərt karantin tətbiq edildi. Bir sıra müəssisələr, vacib obyektlər bağlandı. Bu da bir xeyli insanın işsiz qalmasına səbəb oldu. Lakin biz bu pandemiya günlərində oturmadıq. Bir-birimizə yardım etdik, dəstək olduq. Prezidentimizin siyasətini örnək alaraq #BizBirlikdəGüclüyük devizi altında birləşdik.

Pandemiya dövründə bir çox hallara şahid oldum Sizinlə bunların birini paylaşmaq istəyirəm.

Bura bizim blokun girişidir. 40 ilə yaxındır ki, baxımsız vəziyyətdə qalmışdı.

İyun ayında həftə sonları tətbiq edilən iki günlük evdən çıxma yasağı zamanı blokumuzda səs-küy eşitdim. Endim aşağı. Baxdım ki, 8-ci mərtəbədə yaşayan qonşu blokumuzun girişini söküb təmir edir.

Dedim "Ay qonşu nə edirsən?" Dedi "Ustayam. Neçə aydır işsizəm. Ürəyim ağrıyır bura baxanda. Xəstəliklər elə buradan yayılır. Əlimdə imkanım çatana getdim avadanlıq aldım. Onsuz da evdə sıxılıram. Buranı düzəldirəm".

Soruşdum "Bəs haqqın nə qədərdir?"

Dedi "Heç nə. Burada mən də yaşayıram. Vətəndaşlıq borcumdur".

Bundan ayrıldım gəldim evə plan cızdım. Əvvəlcə pulumdan 10 manat ayırdım. Sonra bir-bir qonşuların qapısını döydüm. Bir qonşu hətta 30 manat verdi. 3-cü mərtəbədəki qonşu 4 uşaqla dedi gözləyirəm pensiyanı mütləq verəcəm. O yığdığım puldan 10 manat buna verdim uşaqlara nəsə alsın.

Xülasə azacıq da olsa yığdığım məbləği çıxdım yuxarı mərtəbədə yaşayan ustanın ailəsinə verdim. Götürmürdülər. İsrar etdim. Halal olsun dedim.

Səhəri günü böyrümdəki bloka getdim. Qonşulardan rəy aldım. Bizdən sonra onların blokunu təmir edəcəkdi.

Beləcə bir usta karantin günündə ailəsinə çörək pulu aparacaq.

O zaman bir neçə belə insan tapdım onlara müxtəlif xırda işlər verdim. Düşünürəm, əslində çox gözəl ideyadır. Hər kəs öz ətrafını təmiz saxlasa, heç bir xəstəlik də olmaz. Ölkəmizi, yaşadığımız yeri gözəlləşdirmək, abadlaşdırmaq bizim öz əlimizdədir.

Azərbaycan bizim evimizdir.

P.S Təmir zamanı evdən çıxmadan qonşular ustaya çay da apardı. Evdən az çıxdıq metlax qurusun. Bacardığımız dəstəyi göstərdik. Birlikdə blokumuzun girişini abadlaşdırdıq.

Bu postumu sosial şəbəkədə paylaşanda tək düşüncəm var idi. Baxıb örnək olsunlar. Karantində sıxılmaqdansa faydalı işlər görsünlər.

Paylaşımım qısa vaxt ərzində 2000-dən yuxarı insan tərəfindən bəyənildi. Bir çox səhifələr paylaşdı. Xoş sözlər eşitdim. Hətta bir neçə tanımadığım insan onları da həvəsləndirdiyimi söylədi.

Ustaya çoxlu iş təklifləri gəldi.

Mənim zənnimcə bu da bir qəhrəmanlıqdır.

Hər bir insan öz ətrafı və Vətəni üçün faydalı olmalıdır.

 #GününQəhrəmanları #Nar #TƏBİB

Paylaşım və şəkilləri, eləcə də blokumuzun abadlaşmış halını sizinlə bölüşürəm.

Müəllif: Ülviyyə Quliyeva

YOL haqqında portret... “84 km-lik sevgi”

Əziz oxucu! Bu yazıda sizinlə iki nəfər söhbət edəcək; həm mən, həm də o...

Onun kimliyini biləcəksiz... Amma əvvəlcə  gözlərinizin önündə belə bir xəyali portreti canlandırın:

Günəşin qüruba çatdığı vaxt... Çalışdığı məktəbə varmaq üçün hər gün bir rayondan digərinə yol qət edən müəllim... Simasında yorğunluq, gözlərində isə elə hey uzanan, portretin çərçivəsini aşan işıq var...

Həmin müəllim hər gün ümumilikdə 84 km-lik yolu bir məqsədlə qət edir – şagirdlərinin gələcəyinə işıqlı bir yol salmaq üçün...

Gözlərindən çıxan işıq uzanır və uzandıqca ziyası artan bir yolun sonuna varır... Yəni, mənzilinə çatır... Oradakı uşaqların gələcəyinə bu işıqdan çiləyir...

ONUN haqqında...

İndi isə gəlin, Onunla tanış olaq;

O – İbrahimova Aynur Mahir qızı filologiya ixtisası üzrə həm bakalavriatura, həm də magistratura səviyyələrində təhsil alıb.

2013-cü ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək yaşadığı ünvandan (Göyçay rayonu Müskürlü kəndi)  xeyli uzaqda yerləşən Ucar rayonunun ən ucqar kənd məktəblərinin birində - Təzə Şilyan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb.

Hər gün bu məsafəni qət edərək işinə tələsib. İşlədiyi təhsil müəssisəsinin  ucqar kənd məktəbi olması, bərbad kənd yolları, təmirsiz və internetsiz bina, uzun illər qəbul nəticələrinin olmaması, valideynlərin övladlarının təhsilinə biganə yanaşması, qızların  məktəbi tərk edib erkən nikah qurması onu işində əsla qorxutmayıb. Əksinə, hər bir problemi həll etməyə çalışıb. Hətta məktəbdən çıxarılan qızların bir-bir evlərinə gedərək yenidən dərslərə cəlb olunmasına şərait yaradıb.

Dünyanın ən gözəl rəsmi...

Hə, əziz oxucu, Qəhrəmanızı - Aynur müəllimi az da olsa tanıdıq...  Yuxarıda canlandırdığımız portretdəki işıq var ha, Aynur xanım onun hesabına bütün dünyanı qəfil yaxalayan COVİD-19 pandemiyasını, sərt karantin rejimini, dayanan tədris prosesinin durğunluğunu yenə bildi... Axı o uşaqları işıqsız qoymaq olmaz...

Bilirsinizmi, o işıq Aynur müəllim üçün dünyanın ən gözəl rəsmini yaradıb... Necə? Gəlin, deyim:

Aynur müəllimin karantin dönəmində qatıldığı çoxsaylı layihələrdən biri də  Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin “Əl-ələ verək, uşaqları sevindirək”  təşəbbüsü olub. İRM  yanında operativ qərargahının fəal üzvlərindən biri kimi bu layihə çərçivəsində ünvanlanan şagird məktublarını cavablayır, onların istəkləri üzərinə əməli fəaliyyətə keçir. Öz əmək haqqısı hesabına  məktub yazan şagirdlərdən biri üçün məktəbli çantası, qələm, rəngli boya və s. alır. Ən əsası, isə karantin dönəmində hazırladığı test tapşırıqlarını həmin şagird - balaca Qızılgül üçün gətirir... Çünki ailəsi kasıb vəziyyətdə yaşayan şagirdinin əl qabiliyyətini yaxşı bilirmiş, həm də məktubdakı istəyini necə yerə salsın ki?! Nə isə, Aynur müəllim o gün başqa şagirdlər kimi Qızılgülü də çox sevindirir... Üstündən bir gün keçəndən sonra xoş  sürprizlə rastlaşır. Sən demə, gənc “rəssam” əlindəki fırçanı həm müəlliminin aldığı boyaya, həm də öz ruhunun, qəlbinin məsumluğuna batıraraq Aynur xanımın şəklini çəkir... Başqa şagird yoldaşından xahiş edərək, həmin rəsmin fotosunu “Votsap” vasitəsilə qəhrəmanımıza göndərir...

Aynur xanım gözlərindən axan sevinc yaşları ilə həmin rəsmi salamlayır... Və o bilir ki, müəllim adına aldığı bu bənzərsiz minnətdarlıq hədiyyəsinin iki müəllifi var – biri balaca Qızılgül, digəri isə koronavirusa meydan oxuyaraq, onu şagirdlər naminə döyüşdürən həmin SİRLİ İŞIQ...

Elə karantin vaxtı demişkən...

Söz yerinə çəkər, pandemiyadan söhbət düşmüşkən, əziz oxucu,  gəlin, indi də Aynur xanımı dinləyək. Axı əvvəldə demişdik, sizinlə biz ikimiz söhbət edəcəyik, olanlardan-keçənlərdən danışacağıq... Aynur İbrahimovanın ruhundakı şagird sevgisi, peşə vurğunluğu koronavirusa əməlli-başlı diş göstərir. Gənc xanım imkan vermir ki, onunla çox sevdiyi şagirdləri, ürəyini bağladığı tədris mühiti arasına bu COVİD-19 girsin... Nə isə, çox uzatmayım, özünü eşidək:

“Karantin rejimi tətbiq olunandan,  tədris prosesi müvəqqəti olaraq dayanandan bu yana əlimdən gələni etdim ki, şagirdlərim təhsil üçün, oxumaq üçün darıxmasınlar...  Həm İnsan Resursları Mərkəzi yanında operativ qərargahın aktiv  üzvü kimi oranın layihələrində, həm də digər təşəbbüslərdə bulundum. İllərdir, bu şagirdlərə görə bir rayondan digərinə yol alır, kilometrlər qət edirəm, pandemiya mənim bu sevdamın qarşısını bir yolla ala bilsə də, digər yollar düşündüm:

-Şagirdlərə onlayn dərslər, motivasiya üçün fərqli məkanlarda, fərqli formatda ”Hər yer məktəb” adı ilə layihəmiz olub; 

- Pandemiya dövründə ucqar kənd məktəblərində dərs dediyimiz  və interneti olmayan imkansız şagirdlərin evinə gedərək onlara test və kitab vəsaitləri və digər hədiyyələr verdik. İnsan Resursları Mərkəzinin “Əl-ələ verək, uşaqları sevindirək” layihəsi çərçivəsində uşaqlara dəstək olduq;

-Pandemiya dövründə insanları evdə qalmağa təşviq edən videoroliklər hazırlayaraq ictimaiyyətə çatdırdım;

-Türkiyədəki təhsil işçiləri və müəllimlərlə yeni bir layihəyə başlamışıq. “Milenyum 2023 Stem+D” projesinin Azərbaycan təhsili üzrə kooridunatoru olaraq  şagirdlərlə dərslərin əyləncəli, maraqlı və fərqli qurulmasına çalışacağıq. Bunu pandemiya dövründə onlayn dərslərimdə də tətbiq etməklə şagirdlərim üçün maraqlı dərs quracağam;

-Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin dəstəyi ilə  “Təbəssümsüz bir körpə qalmasın” layihəsi əsasında Şəki Qarışıq Tipli uşaq evinin sakinləri üçün bir neçə müəllimlə uşaqlar üçün məktəb ləvazimatları, oyuncaqlar, geyimlər alaraq hədiyyə göndərdik;

- Bu dövrdə kimsəsiz, yaxud pandemiya şəraiti ilə əlaqəli  heç bir vaxt qohum və ailəsindən sovqat almayan əsgərlər haqda məlumat toplamışam. Belə əsgərləri müəyyən etdikdən sonra onlara əmək haqqımdan büdcə ayıraraq sovqat göndərib az da olsa dəstək olmağa çalışmışam. Əsgərlərə motivasiyaverici məktublarımız isə onlara ən gözəl mənəvi dəstək olub.

Sevgiyə bükülü məktub və çiçəklər...

Oxucu dost, yəqin ki, Aynur xanımla qısa ünsiyyət zamanı onun nə qədər məhsuldar və fədakar təhsil işçisi olduğunun fərqinə vardınız. Çox önəmli bir detalı da mən əlavə edim:

A. İbrahimova Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi yanında operativ qərargahın fəal üzvü olaraq qurumun  “1 qələm, 1 kitab, 1 müəllim, 1 şagird dünyanı dəyişə bilər” adlı layihəsində Şəki Qarışıq tipli Uşaq evindəki uşaqlara təmənnasız hazırlıqlar keçmək üçün 3 ixtisas üzrə müəllim qrupu yaradıb. Kimsəsiz uşaqların  da ali məktəbə qəbul olaraq öz ayaqları  üstə qalması əsas istəklərindən biridir...

Yeri gəlmişkən əvvəllər də bu kimi təşəbbüsləri həyata keçirib. Rüfət, Əbdüləli kimi imkansız və ağır durumda olan bir çox şagirdlərini təmənnasız olaraq hazırlaşdırıb. Bu səbəbdən dərsdən sonra digər rayondakı evinə gec çatmalı olub. Söhbətin əvvəlindəki portretdəki obraz da məhz Aynur xanımın həmin ərəfədə evinə dönüşün bədii eskizidir...

Əbdüləlini unutmur... Nə şagirdinin özünü, nə də hər gün onun üçün sinif otağına gətirdiyi məktub və çiçəkləri yaddan çıxarmır. Əbdüləli anasız böyüdüyü üçün, Aynur xanımda bu nəvazişi tapıb, onda qızınmaq istəyib. Qəhrəmanımıza “olarmı bundan sonra sizə “ana” deyərək, müraciət edim?” söyləyərək, dadmadığı sevgini yaşamaq istəyib. Hər gün sinif otağına gətirdiyi məktub və çiçəklər də bu sevgiyə bükülü halda olur...

EPİLOQ

Əziz oxucu dost, söhbətin əvvəlindəki xəyalımızda canlandırdığımız portretdəki obraz Aynur xanımın özü, qürub vaxtı  evinə  dönərkən yaşadığı yorğunluğun  bədii eskizidir... O hər gün bu yolları qət edərkən, gözlərinin önündə bir çox səhnələri canlandırır: erkən nikaha cəlb olunan qızlara görə apardığı mübarizəsini,  ucqar kənd yerində ilk dəfə olaraq, şagirdlərinin atalarını dərsə və maraqlı müsabiqəyə cəlb etməsini, 8 martda isə analar üçün sürpriz hazırlamasını, məktəbdə kinoteatr təşkil etməsini, bir sözlə çox şeyləri xatırlayır.

Uğurları gözlərinin önündə canlanır: “Pedaqoji mühazirə”lərdə birinci yerin qalibi, AzEdu Təhsil portalı ilə Milli Məclisin birgə təşkil etdiyi “İlin Gənc müəllimi” müsabiqəsində finala yüksəlməsini, rəğbət qazanan layihələrini və s...

P.S. Aynur müəllimin bundan sonra da uğurları çox olacaq. Amma nə zamansa, bu yollarda yaranacaq yorğunluğunu ən çox iki xatirəsi məhv edəcək: balaca Qızılgülün rəsmi və Əbdüləlinin məktub-çiçəkləri....

Müəllif: Elmin Nuri


Elə buna görə də xəstəxana axtarışına çıxmışdım. Uzun axtarışlardan və danışıqlardan sonra Mərkəzi Gömrük Hospitalı çəkilişə razılıq verir. Çox əla başa düşürdüm ki, bu çəkilişim digər çəkilişlərimdən daha təhlükəli olacaq.

Xəbərlərdə hər gün virusa yoluxanlar və ölənlərin xəbərləri ard-arda gəlirdi. Ona görə xəstəxanada diqqətli olmalı idim.
Hələ yolda, xəstəxanada viruslu xəstələri görəcəm deyə artıq içimdə az da olsa narahatlıq var idi. Virusa tutulmaqdan başqa, həm də virus daşıyıcısı olmaq qorxusu da var idi. Öz işimi görəcəkdim deyə maksimum ehtiyatlı olmalı idim.

Öz işimlə əlaqədar hər gün müxtəlif adamlarla görüşüb söhbət edirəm deyə sabah virusu kiməsə ötürə bilərdim. Kiçik səhvə yol vermək istəmirdim.
Xəstəxananın girişdə kombinezonlu adamların ətrafımda o baş-bu başa getdiyini gördüm. Həyəcandan ürəyim bərk-bərk döyünməyə başladı. Tibb bacısı əlavə kombinezon mənə verib həkimlərin arxası ilə getməyimi tapşırdı. Yaşıl zona, sarı zona və qırmızı zona... Həmin qırmızı zona ki, virusun episentridir. Vulkan püskürüb və lavası qarşısına çıxan hər şeyi yandıra-yandıra gedir. Təsəvvür edin, püskürmüş vulkanın düz mərkəzinə gəlib, alovun necə yanmağına baxırsınız.

Virusun düz mərkəzi. Buradakı xəstələr ölüm-dirim mübarizəsindədirlər. Pəncərənin o biri tərəfində sakit həyat bu biri tərəfində ölümün bir addımlığındakı xəstələr. Həmin xəstələr ki, addım atmağa belə çətinlik çəkirlər. Ağız və damarlarında xüsusi borular, sistemlər və s.
Qırmızı zonada xəstələrin səssiz və hərəkətsiz uzanmağı, xəstəxana avadanlıqların cüyültüsü, həkim personalın sürətli hərəkətləri sanki məndə elə bir təəssürat yaratdı ki, viruslu xəstələrlə bağlı hansısa film çəkilir və mən də həmin filmin çəkiliş meydançasına düşmüşəm.
Həyacan məni üstələmişdi. Tez-tez nəfəs aldığımdan eynəyim ilk dəqiqələrdə tərləmişdi. Qarşı tərəfi çətinliklə görə bilirdim. Çox keçməmiş tibb bacılardan biri “qızlar, hazırlaşın bizi fotosessiya etməyə gəliblər” deməsi film yox, real həyatda olduğumu göstərdi. Mən də gülümsəyərək “hə, bu günə kimi virusla işləyən həkim çəkməmişəm. Ona görə hazırlaşın, çəkim” dedim. Arxadan bir həkim, “bir neçə saatdan sonra növbəmiz dəyişəcək, “yaşıl zona”da da hazırlaşarıq, çəkərsən”, dedi.

Əslində “hazırlaşarıq, çəkərsən” sözünün arxasında nə dayandığını bilmirdim. Düşünürdüm ki, həkimlər xüsusi pozlar verəcəklər.
Hələ çəkilişə başlamamışdım ki, həkimlər ilk təlimatlarını verdi. Filan-filan yerə toxunmaq olmaz, xəstələrə yaxınlaşmaq olmaz və s. Bundan sonra işimi görməyə başladım. Bir müddət sonra isə həkimlər ümumiyyətlə məni unutdular. Sanki mən də onlardan biri idim. Hərə öz işində idi artıq. İynə hazırlayan kim, xəstənin altını təmizləyən kim, xəstəyə yemək verən kim, su gətirən kim və s. Arada gəlib mənə, “bir şey çəkə bilirsən? Çətinliyin yoxdur?” –deyə maraqlanırdılar.

Artıq 3 saat idi ki, kombinezon əynimdə idi. Tərləməyimdən başqa maskanın altında nəfəs almağım çətinləşmişdi. Ürəyim çox sıxılırdım. Tez bir zamanda əynimdəki kombinezondan qurturmalı idim... Qırmızı zonada olan avadanlıqların cüyültüsü isə əməlli yormuşdu məni. Buna görə, reanimasiya otağını tərk edib yaşıl zonada həkimləri gözləməyə getdim.

Həkimlərin növbəsi bitəndə artıq yaşıl zonada oturub həkimləri gözləyirdim. Həkimlər bir-bir gəldikcə 8 saatdır gəzdirdikləri kombinezonlarını çıxartmağa başladılar. Yorğunluqdan belləri bükülmüş, gözlərdəki yorğunluq, üzlərindəki maska və eynəyin izləri necə ağır işlədiklərini göstərirdi. Hər bir həkimi çəkəndən sonra dərindən “ah” çəkib geyinib-soyunma otağına keçirdilər. O qədər yorğun idilər ki, söhbət etməyə belə halları yox idi. Əsəbləri tarıma çəkilildiyi hiss olunur. İstirahət lazım idi, yatmalı idilər ki, yenidən xəstələrin yanına gələcəkdilər.
Çox güman onlar da mənim kimi fiziki yorğunluqdan başqa həm də zehni yorulmuşdular. Hələ reanimasiyada saatlarla avadanlıqların cüyültüsü altında işləyən həkimləri təsəvvür edin...

3 saatlıq həkimlərlə çəkilişim başa çatmışdı. Həkimlər təyin olunmuş hotelə mən də geri qaytdım. Havam dəyişsin deyə, bir müddət yolu piyada getdim. Yolda çəkdiyim fotolara baxırdım. Xəstəxanada çəkdiyim fotolar bütün hadisələrin sadəcə bir anını göstərirdi. Sadəcə bir anın fotoları idi. İndi bütün prosesi isə özünüz düşünün ki, onların vəziyyəti orada necədir...

Müəllif: Əziz Kərimov

single image
Populyar təkliflərimiz
FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...