“Nar” ADA Universitetinin təşkil etdiyi karyera sərgisində yeni vakansiyalar təqdim etdi
Belə ki, mobil operator 2 mart 2017-ci il tarixdə ADA Universiteti tərəfindən bu təhsil müəssisəsinin kampusunda təşkil edilmiş 5-ci karyera sərgisində iştirak edib. Universitetin istedadlı, məqsədyönlü və çalışqan tələbələrinin iştirakı ilə keçirilən sərgidə biznesin təşkili və idarə edilməsi, ictimai siyasət və idarəetmə, beynəlxalq münasibətlər və diplomatiya, informasiya texnologiyaları və kompüter mühəndisliyi, kompüter elmləri və sistem mühəndisliyi və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
ADA Universiteti tələbələrinin işgüzar mühitə inteqrasiyasına dəstək məqsədilə təşkil edilmiş karyera sərgisində iştirak edən “Nar” bununla illər ərzində uğurlu əməkdaşlıq etdiyi ADA Universiteti ilə olan tərəfdaşlıq münasibətlərinə daha bir töhfə verib.
“Nar” gənc kadrlara 5 iş vakansiyası təqdim edib. Brend və reklam işi üzrə mütəxəssis, kommersiya üzrə analitik, rəqəmsal marketinq üzrə mütəxəssis, media satınalması üzrə mütəxəssis və müştəri xidmətləri üzrə nümayəndə kimi vakant iş yerlərini təqdim edən mobil operator gənclərin işə cəlb edilməsi istiqamətində daha bir addım atıb.