“Nar” Bakı-2017 Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşıdır
“Nar” 12-22 may tarixləri arasında keçiriləcək Bakı-2017 Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçildi. Tərəfdaşlıq müqaviləsi 7 mart tarixində hər iki tərəfin rəsmilərinin iştirakı ilə imzalandı. “Nar” Bakı-2017 Oyunlarında Əməliyyat Komitəsini mobil rabitə xidmətləri – zəng və məlumatların ötürülməsi (data) xidmətləri ilə təmin edəcək, eləcə də İnformasiya Əlaqə Mərkəzi və Oyunların texnologiya şöbəsinə dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.
13 aprel 2017-ci il tarixində keçirilmiş mətbuat konfransında çıxış edən Bakı-2017 Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar şöbəsinin direktoru Mayk Loynd “Nar” ilə imzalanmış tərəfdaşlıq müqaviləsinə münasibət bildirdi. “Böyük təcrübəsi sayəsində “Nar” Bakı-2017 Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı oldu. Oyunlar zamanı yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin olunmaq olduqca vacibdir. Biz birlikdə çalışacağıq və əminəm ki, “Nar” Bakı-2017 Oyunlarının uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək”, - deyə Mayk Loynd jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi.
“Nar” operatorunun baş icraçı direktoru Klaus Müller isə, öz növbəsində, “Nar”-ın Bakı-2017 Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilməsinin böyük qürur mənbəyi olduğunu vurğuladı.
“İki il öncə keçirilən ilk Avropa Oyunlarının tərəfdaşı olmuş “Nar” ölkədə keçirilən mühüm layihələrin tərəfdaşı kimi böyük təcrübə qazanmışdır. Bu təcrübəyə əsaslanaraq deyə bilərəm ki, layihənin telekommunikasiya tərəfdaşı olaraq “Nar”-ın peşəkar əməkdaşları Bakı-2017 Oyunlarının təşkilatçıları və iştirakçılarını yüksəkkeyfiyyətli xidmətlə təmin edəcəklər. Əminəm ki, Bakı-2017 Oyunları Azərbaycana böyük uğur gətirəcək və bu uğurun qazanılması üçün “Nar”-ın da əmək sərf etməsi bizi çox fərəhləndirir”, - deyə cənab Müller sözlərinə əlavə etdi.