Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün Təlim məktəbi layihəsinin ilk mərhələsi başa
17-08-2017
“Nar” və “Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə “Təlim məktəbi” layihəsinin ilk mərhəlıəsi başa çatdı. Zaqatalada start verilən layihənin ilk mərhələsi təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakı ilə həyata keçirildi. Təlim iştirakçıları smartfon təmiri, dərzilik və aşpazlıq kurslarında iştirak etdilər. Bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəkləndi.
“Təlim məktəbi” layihəsi “Nar” tərəfindən reallaşdırılan və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan bir layihədir. Layihə çərçivəsində bölgələrdən olan 40 nəfər yerli sakinin iki ay boyunca üç istiqamət üzrə peşə təlimi alması nəzərdə tutulmuşdur. Bölgələrdə “Təlim məktəbi” layihəsinin növbəti mərhələsinə önümüzdəki günlərdə Göygöl rayonunda start verilməsi planlaşdırılmışdır.
“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda start götürmüş və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə həyata keçirilmişdi. “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərməklə cəmiyyətə inteqrasiya etdirməkdir. Təşkilatçılar “Təlim məktəbi”ni bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olur.
Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.