Maestro Ennio Morrikonenin Bakıda konserti keçirildi
27-01-2014
“Nar Mobile” mobil operatoru dünya şöhrətli bəstəkarın Bakı konsertinin sponsoru oldu
Yanvar ayının 25-də Heydər Əliyev Sarayında dünyaca məşhur italyan bəstəkarı Ennio Morrikonenin konserti keçirildi. Konsert “BUTA” İncəsənət Mərkəzi tərəfindən, Fireland Vineyards və NAR Mobile mobil operatorunun sponsorluğu ilə, o cümlədən, Mədəniyyət və Turizm Nazirliyinin və İtaliyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuşdur.
“Oskar” mükafatı laureatı və dəfələrlə namizəd, “Qızıl Qlobus” və “Qızı Şir” mükafatının laureatı, Venesiya Film Festivalının qalibi Maestro Ennio Morrikone Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xor Kapellası ilə birlikdə Azərbaycan tamaşaçısı qarşısında çıxış edərək, “Bir zamanlar Amerikada”, “Yaxşı, pis və qəddar”, “Bir dəfə vəhşi Qərbdə”, “Malena”, və s. kimi sevilən və dünya kinomotoqrafiyasının şedevrlərinə çevrilmişlər filmlərdən musiqiləri səsləndirmişdir.
Dünyanın ən tanınmış bəstəkarlarından olan Ennio Morrikone müxtəlif ölkələrdə çəkilmiş 400-dən çox film və teleseriallar üçün musiqi bəstələmiş, həm məşhur kino saundtrekləri, həm də kamera-instrumental musiqi janrında yaratdığı möhtəşəm əsərlərlə beynəlxalq ictimaiyyətin rəğbətini qazanmışdır.
Nar Mobile hər zaman olduğu kimi, bu dəfə də, dünya mədəniyyət irsinin təbliğinə və dahi sənətkarların milli auditoriyaya daha yaxından tanıdılmasına yönələn daha bir layihənin icrasına öz tövhəsini vermişdir.