• “Təlim məktəbi” layihəsinin bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli iştirakçılarına sertifikatlar təqdim edildi
    22-12-2017

    Bölgələrdə “Təlim məktəbi” layihəsi “Nar” tərəfindən təşkil edilmiş və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş bir layihədir. 26 avqust 2017-ci il tarixdə Zaqatalada start verilmiş bölgələrdə “Təlim məktəbi” layihəsi təcrübəli mütəxəssislər və psixoloq tərəfindən həyata keçirildi. Layihə çərçivəsində iki həftə ərzində üç istiqamət – dərzilik, aşpazlıq və smartfon təmiri üzrə peşə təlimləri keçirildi. Qeyd edək ki, bölgələrdə bir ilk olaraq həyata keçirilmiş layihə rayon icra hakimiyyətləri və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzləri tərəfindən dəstəkləndi.

    Bölgələrdə “Təlim məktəbi” layihəsinin növbəti mərhələsi 13 oktyabr 2017-ci il tarixdə Göygöl rayonunda start götürdü. İki həftə davam etmiş ikinci mərhələdə də nitq və eşitmə məhdudiyyətli gənclər psixoloji təlimlərlə yanaşı, peşə təlimlərində iştirak edərək dərzilik, saç ustalığı və smartfon təmiri üzrə ixtisaslaşdılar.

    Bütün layihə iştirakçıları təlimləri uğurla başa vuraraq müvafiq sertifikatlarla təmin edildilər. Heç şübhəsiz ki, bu uğur niitq və eşitmə məhdudiyyətli gənclərin məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərəcəkdir.     

    Qeyd edək ki, “Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda başlamış və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə keçirilmişdi.  “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır. Bu məqsədlə, layihə “Uğur akademiyası”nın dəstəyi ilə reallaşdırılır.

    Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, ünsiyyət məhdudiyyətli vətəndaşlar hazırda “Nar”-ın əməkdaşları olaraq fəaliyyət göstərirlər. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və  bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.

    “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox